Bakı Zooloji Parkında mühazirə və məşğələ dərsləri keçirilib
Bakı Zooloji Parkının direktoru Nəzakət İsayeva Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrası üzrə tədris prosesinə dəvət olunub.
O, “Ekologiya” ixtisası üzrə tədris etdiyi "Biomüxtəlifliyin qorunması" fənninin mühazirə və məşğələ dərslərini Bakı Zooloji Parkında innovativ tədris metodları ilə keçib. Parkın lektoriyasında mühazirə dərsinə qatılan tələbələr sürünənlər sinfinin nümayəndələri haqqında məlumatlandırılıb. Daha sonra tələbələr Zoopark ərazisində Azərbaycan və digər ölkələrin unikal fauna nümunələri ilə tanış olublar. Onlar eyni zamanda Azərbaycanın "Qırmızı kitab"ına daxil, nəsli kəsilmək üzrə olan növlərin mühafizəsi, reintroduksiya proqramı haqqında məlumat əldə ediblər.
Qeyd edək ki, Bakı Zooloji Parkı 1928-ci ildən fəaliyyətə başlayıb. Hazırda Zooloji Parkda 125 növ heyvan saxlanılır. Onlardan 22 növü “Qırmızı Kitab”a daxil edilib. Parkda nəsli kəsilməkdə olan bir çox nadir heyvan növlərinin genefondunun saxlanılması təmin edilir və çoxaldılaraq təbiətə buraxılır.