"Azərbaycan müəllimi" qəzetinə müsahibə verilib
BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı "Azərbaycan müəllimi" qəzetinə müsahibə verib:
İqlim təhsilinin inkişafı üçün hansı addımlar atıla bilər?
İqlim təhsilinin inkişafı üçün zəruri olan ən əsas məsələ istər şagirdlərin, istərsə də tələbələrin təbiətlə birbaşa bağlı olmasıdır.
Bunu Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı “Azərbaycan müəllimi”nə açıqlamasında deyib.
Onun fikrincə, təhsilalanlar üçün mütəmadi ekskursiyalar təşkil olmalı, təmizlik aksiyaları keçirilməlidir: “Xırda iş kimi görünsə də, bu sadə addım həm ətraf mühitimizin zamanla təmizlənməsinə, həm də ətraf mühitə həssas yanaşmanın formalaşmasına səbəb olacaq. Bu yol iqlim təhsilinin inkişafında çox yaxşı nəticələrə gətirib çıxara bilər. Tələbələri və şagirdləri tez-tez təbiət muzeylərinə, zooloji parklara aparmaq lazımdır. Bu, insanları sayı az olan heyvan və bitki növlərini tanımağa, həmin növləri və ümumiyyətlə, təbiəti qorumaqla bağlı hisslərin formalaşmasına kömək edəcək, məsələnin mahiyyətini dərk etmələrinə gətirib çıxaracaq. Təmizlik aksiyaları şagirdlərin, tələbələrin tullantıların təbiətə vurduğu ziyanın miqyasını öz gözləri ilə görməsinə şərait yaratmaqla yanaşı, təbiəti, onun problemlərini özününküləşdirmələrinə səbəb olacaq. Müzakirələrdə, bilik yarışlarında iqlim dəyişiklikləri və onun nəticələri ilə bağlı mövzuların önə çıxarılması da iqlim təhsilinin inkişafına böyük töhfə verər”.
Akif Ağbabalı hesab edir ki, bu yollarla ətraf mühitə həssas münasibət formalaşdırmaq, suya qənaət etməyi, ətraf mühiti çirkləndirməməyi həyat tərzinə çevirməklə ekoloji şüurun inkişafına nail olmaq mümkündür.
Alim qeyd edib ki, iqlim bu gün bütün mövzuların birləşmiş açarı rolunu oynadığı üçün landşaftdan, təbii resurslardan tutmuş su məsələlərinə, əhalinin yerləşməsinə, sənaye müəssisələrinin fəaliyyətinə qədər hər xırdalığı bilmək yaxşı olar. Çünki bu amillər həm iqlim dəyişikliklərinin səbəbidir, həm də insanlar bundan sonra bu dəyişikliklərin təsirlərinə uyğunlaşmaq məcburiyyətində qalacaqlar: "Azərbaycanın COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməsi də ölkəmizdə bu prosesə öz təsirini göstərəcək. Vaxt var idi ki, iqlim dəyişikliyi haqqında ancaq mütəxəssislər danışırdı, bu məsələ məhdud auditoriyada müzakirə olunurdu. Ancaq indi bütün cəmiyyət bu mövzuda danışır. İnformasiya çox danışılanda şüurlarda özünə yer edir və insanın həyat tərzinə təsir edir”.