“Azərbaycan Dəmir Yolları” QSC-ə səfər edilib
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni Biləcəri lokomotiv deposuna səfər etmişdir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Əməyin təhlükəsizliyi və mülki müdafiə departamentinin müdiri Bəhruz Nəcəfov və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitdən istifadənin tənzimlənməsi, mətbuatla iş və ekoloji maarifləndirmə sektorunun müdiri Rafiq Ədilov tərəfindən Biləcəri yeni lokomotiv deposunda həyata keçirilən innovativ yeniliklər göstərilib, müzakirələr formatında təqdimat edilib. Daha sonra BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı Universitetdə ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədris prosesi haqqında QSC əməkdaşlarını məlumatlandırılmışdır.
Müzakirələr zamanı tələbələrə “Azərbaycan Dəmir Yolları” QSC-də ətraf mühitə zərərli təsirlərin minimallaşdırılması məqsədilə icra olunan tədbirlər barədə də ətraflı məlumat verilib. Həmçinin qeyd olunub ki, hazırda ölkənin polad magistralında sərnişinlər və yüklər əsasən elektrik dartı sistemində işləyən müasir hərəkət tərkibləri ilə daşınır ki, bu da ekoloji tarazlığın saxlanılmasına öz müsbət təsirini göstərir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və hədiyyələr təqdim edilmişdir.