Akademik Həsən Əliyev - 115
Bakı Dövlət Universitetində (BDU) akademik Həsən Əliyevin anadan olmasının 115-ci ildönümünə həsr olunmuş “Ekologiya: təbiət və cəmiyyət problemləri” mövzusunda IV Respublika elmi konfransı keçirilir.
Əvvəlcə Dövlət himni səsləndirilib, daha sonra torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın açılışında çıxış edən BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov akademik Həsən Əliyevin həyatı, zəngin elmi fəaliyyəti ilə bağlı məlumat verib. Qeyd edib ki, görkəmli akademikin əsas tədqiqat sahəsi meşə torpaqlarının coğrafiyası, respublikanın torpaq xəritələrinin hazırlanması, ekoloji, bioloji problemlərin həlli və beynəlxalq aləmdə təbliğ edilməsi olub. Alim ölkədə Azərbaycanda meşə altından çıxmış 40 min hektardan artıq torpaqdan daha səmərəli istifadə etməyin yollarını müəyyənləşdirib, ilk dəfə dağ yamaclarında az istifadəli torpaqlarda quru fitomeliorasiya işlərinin həyata keçirilməsinin elmi təşkilini araşdırıb. O, 800-ə yaxın elmi əsərin, o cümlədən 200-ə yaxın elmi-kütləvi məqalənin müəllifi, 50-dən çox xəritənin həmmüəllifi və redaktoru olub. Həsən Əliyevin rəhbərliyi ilə 40-a yaxın fəlsəfə və elmlər doktoru yetişdirilib. Əsası akademik Həsən Əliyev tərəfindən qoyulmuş coğrafi ekologiya elmi məktəbi hazırda Respublikamızda və BDU-da uğurla inkişaf etdirilir.
BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı isə qeyd edib ki, akademik Həsən Əliyev təbiətin mühafizəsi problemi ilə məşğul olan əvəzedilməz ziyalı, vətəndaş, alim olub. Alimin bütün elmi fəaliyyəti torpaqşünaslıq nəzəriyyəsi, ekologiya, botanika, biocoğrafiya, meşəşünaslıq, torpaq-meşə meliorasiya və aqrokimya, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunması kimi aktual problemlərin həllinə həsr olunub. Azərbaycanda Təbiəti Mühafizə Cəmiyyətinin yaradılması, bir çox qoruqların təşkili məhz görkəmli elm xadiminin adı ilə bağlıdır. Onun redaktorluğu ilə çap edilən “Azərbaycan təbiəti” elmi-kütləvi jurnalı təbiətimizin mühafizəsinin təbliğində mühüm rol oynayıb.
Daha sonra Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova, BDU-nun Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müdiri Qərib Məmmədov, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov, Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev, Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri İsmayıl Quliyev, BDU-nun Ekoloji kimya kafedrasının müdiri Sevinc Hacıyeva çıxışlarında böyük alimin Azərbaycan elminə, təbiətinin qorunmasına verdiyi töhfələrdən bəhs edib, xatirələrini bölüşüblər. Çıxışlarda Azərbaycan təbiətinin, ekologiyasının mühafizəsində akademik Həsən Əliyevin vətəndaş və alim kimi həyata keçirdiyi müqəddəs missiyanın öyrənilməsinin əhəmiyyəti vurğulanıb.
Öz işini bölmə iclasları ilə davam etdirən konfrans sabah yekunlaşacaq.