ADPU-DA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ SEMİNARDA İŞTİRAK
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və Biologiya fakültəsinin təşəbbüsü ilə təşkil edilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş elmi seminarda iştirak edib. Nümayəndə heyətini ADPU-nun rektoru, professor Cəfər Cəfərov qəbul edib, Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.
Professor Sevinc Hacıyeva əvvəlcə Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini bölüşüb, daha sonra isə BDU-nun Ekoloji kimya kafedrasının elmi-tədqiqat fəaliyyəti ilə bağlı məruzə edib. Məruzədə qeyd olunub ki, kafedranın təməli 2001-ci ildə mərhum akademik, görkəmli alim Rəfiqə Əliyeva tərəfindən yeni bir elmi istiqamət kimi əsası qoyulan Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasına dayanır. Bildirilib ki, hazırda kafedra əməkdaşları əsasən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur regionlarında ətraf mühitin vəziyyətinin ekoloji-kimyəvi tədqiqi üzərində çalışırlar. Diqqətə çatdırılıb ki, kafedrada ekoloji kimya üzrə elmlər doktorluğu proqramı üzrə kadr hazırlığı həyata keçirilir.
Sonda BDU-nun Ekoloji kimya kafedrasının nümayəndə heyəti tərəfindən ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinə kafedra əməkdaşlarının ərsəyə gətirdiyi elmi əsərlərdən ibarət kitablar hədiyyə edilib, eyni zamanda ADPU-nun Kimya və biologiya fakültəsi tərəfindən BDU-nun Ekoloji kimya kafedrasına ADPU-nun 100 illiyi ilə əlaqədar yubiley nəşrləri hədiyyə olunub.