8 Mart – Beynəlxalq Qadınlar Günü

Bakı Dövlət Universiteti (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
İlk çıxışı Ekologiya və torpaqşünaslıq fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Könül Aslanova edib. O, qadınların cəmiyyətdəki rolundan, onların elm, təhsil və ətraf mühit sahəsindəki töhfələrindən danışıb, fakültədə təhsil alan xanımları təbrik edərək, onların gələcək nailiyyətlərinə uğurlar arzulayıb.
Daha sonra BDU-nun Politologiya kafedrasının müəllimi Aytac Alıyeva çıxış edib. O, çıxışında qadın hüquqlarının tarixi inkişafı, gender bərabərliyi və müasir Azərbaycanda qadınların ictimai-siyasi həyatdakı aktiv iştirakı mövzularına toxunub, Beynəlxalq Qadınlar Gününün əhəmiyyətini vurğulayıb.
Tədbirin davamında THİK və TGT-nin üzvləri tərəfindən hazırlanmış ədəbi-bədii proqram təqdim olunub. Tələbələr şeirlər, mahnılar ifa edib, qadınlara həsr olunmuş kompozisiyalar səhnələşdiriblər.