31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq və Geologiya fakültələrinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və "BDU könüllüləri" təşkilatının üzvlərinin birgə təşəbbüsü ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə maarifləndirici və ictimai əhəmiyyət daşıyan tədbir təşkil olunub. Tədbirin əsas məqsədi Dünya azərbaycanlıları arasında milli birlik, həmrəylik və vətənpərvərlik ruhunun gücləndirilməsi, gənclərin bu ideya ətrafında daha sıx birləşdirilməsi olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi, eləcə də Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bu anlar iştirakçılarda dərin qürur və ehtiram hissi yaradıb.
Tədbirdə çıxış edən Geologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Ələkbər Mirzəyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarixi, onun ideoloji əsasları və milli şüurun formalaşmasında oynadığı mühüm rol haqqında geniş məlumat verib. O, qeyd edib ki, bu əlamətdar gün dünya azərbaycanlılarını vahid məqsəd – müstəqil, güclü və suveren Azərbaycanın ətrafında birləşdirən mühüm mənəvi platformadır. Ələkbər Mirzəyev Ümummilli Lider Heydər Əliyevin həmrəylik ideyasının dövlət siyasəti səviyyəsinə yüksəldilməsindəki tarixi xidmətlərini xüsusi vurğulayıb, bu siyasətin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirildiyini diqqətə çatdırıb.
Daha sonra Ekologiya və torpaqşünaslıq fakültəsinin baş müəllimi Qismət Xanbabayev mövzu ilə bağlı çıxış edərək, həmrəyliyin yalnız siyasi və milli çərçivədə deyil, eyni zamanda sosial, elmi, mədəni və ekoloji məsuliyyət baxımından da mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, qloballaşan dünyada Azərbaycan gənclərinin milli kimliyini qorumasının, elm və təhsil sahəsində qazandıqları uğurlarla ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil etməsinin vacibliyini vurğulayıb.
Tədbirin sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda Azərbaycanın müstəqillik yolu, dünya azərbaycanlılarının birliyi, milli-mənəvi dəyərlər və Vətənə bağlılıq mövzuları əks olunub. Videoçarx iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tədbir tələbələrdə milli-mənəvi dəyərlərə sədaqət, vətənpərvərlik ruhunun gücləndirilməsi və Dünya Azərbaycanlılarının Həmrəyliyi ideyasının təbliği baxımından mühüm əhəmiyyət kəsb edib.