22 Aprel – “Beynəlxalq Yer Günü”

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə 22 Aprel – “Beynəlxalq Yer Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirin açılış nitqində Ekologiya və torpaqşünaslıq fakültəsinin THİK sədri Şükufə Səttərova Beynəlxalq Yer Gününün əhəmiyyətindən danışıb, bu kimi təşəbbüslərin gənclərin ekoloji məsuliyyətinin artırılmasında mühüm rol oynadığını bildirib.
Daha sonra Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının baş müəllimi, a.e.ü.f.d. Qismət Xanbabayev çıxış edərək Yer kürəsinin torpaq ehtiyatlarının qorunması, onların səmərəli istifadəsi və müasir dövrdə bu sahədə qarşıya çıxan problemlər haqqında ətraflı məlumat verib. O, həmçinin ekoloji tarazlığın qorunmasında torpağın rolunu xüsusi qeyd edib.
Tədbirin davamında Coğrafi ekologiya kafedrasının müəllimi Türkan Məmişova Yer planetinin coğrafi xüsusiyyətləri, ladşaftlar və onların xəritələşdirmə üsulları və müasir dövrdə geniş tətbiq olunan Coğrafi informasiya sistemləri texnologiyalarının əhəmiyyətindən bəhs edib.
Tədbirin növbəti hissəsində tələbələr universitetin həyətində yaşıllaşdırma aksiyası keçirərək müxtəlif gül və bitkilər əkiblər. Bu təşəbbüs onların ekoloji dəyərlərə olan həssaslığını və ətraf mühitin qorunmasına verdikləri töhfəni nümayiş etdirib.