18 oktyabr – Müstəqilliyin Bərpası Günü
Bakı Dövlət Universiteti (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “18 oktyabr – Müstəqilliyin Bərpası Günü”nə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, respublikamızın suverenliyi uğrunda canlarından keçən əziz Şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla anılaraq davam etmişdir.
Tədbirdə fakültənin Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri professor İsmayıl Əliyev çıxış edərək Azərbaycan müstəqilliyinin ilk illərində çoxsaylı təhlükələrlə üzləşdiyini, ağır sınaqlardan keçdiyini qeyd etmişdir. O həmçinin, daxili çəkişmələrdən, ağır siyasi və iqtisadi böhranın ölkəni vətəndaş müharibəsi astanasına gətirməsindən, onun gələcək taleyini sual altına qoymasını vurğulamışdır.
Daha sonra Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının baş müəllimi a.e.ü.f.d. Qismət Xanbabayev Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmasından, yüz minlərlə soydaşımızın öz dədə-baba yurdlarından didərgin düşməsindən danışaraq, vurğulamışdır ki, baş verənlər bir daha göstərir ki, həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir.
Çıxışlarda Azərbaycan tarixinin bu ağır dönəmində Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtması və bundan sonra müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısının alınması xüsusi vurğulanmışdır. Həmçinin, Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafı üçün rəhbər tutduğu strateji xəttindən, ölkəmizin daha da güclənməsi üçün gördüyü fasiləsiz işlərindən danışılmışdır. Eyni zamanda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsi ilə tarixi Zəfərə imza atması vurğulanmışdır
Sonda I kurs tələbəsi Dəniz Zeynallı “18 oktyabr – Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş təqdimatla çıxış etmişdir.
Bayramınız mübarək!