Nüvə enerjisinə dair ustad dərsi
Ekologiya və torpaqşünaslıq fakültəsində Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, professor İsmayıl Əliyev tərəfindən “Nüvə enerjisi: real təhlükə, yoxsa ucuz enerji mənbəyi?” mövzusunda ustad dərsi keçirilib.
İsmayıl Əliyev qeyd edib ki, nüvə bölünməsi nüvə stansiyalarında elektrik enerjisi istehsalı üçün bir proses kimi istifadə olunur. Nüvə enerjisi yalnız elektrik cərəyanı istehsalı üçün deyil, həm də tibb, sənaye, silah istehsalı və digər sahələrdə də çox ucuz bir xammaldır. Nüvə enerjisindən atom elektrik stansiyalarında (AES), atom buzqıran gəmiləri və atom sualtı qayıqlarının enerji qurğularında istifadə olunur, bu enerjinin kosmik gəmilərdə tətbiqi üzrə sınaqlar da aparılır. Atom nüvəsindən əldə edilən enerjinin miqdarı digər üsullarla alınan enerjinin miqdarından daha çoxdur, radioaktiv atom kütlə¬sindən az miqdarda istifadə etməklə daha çox enerji əldə edilir. Məsələn, 1 kq radio¬aktiv urandan alınan enerji 200 ton kömürdən alınan enerjiyə bərabərdir. Nüvə reaksiyaları (bölünmə, sintez və ya hər ikisi birlikdə) nəticəsində maddənin vahid kütləsindən ayrılan enerji adi partlayıcı maddə¬dəkinə (trotil) nisbətən 20-80 milyon dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı nəticəsində meydana çıxır, öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalan¬ması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit im¬pulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. 2004-cü ildən etibarən nüvə enerjisi dünya elektrik enerjisinin 16%-ni təchiz edir. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabatına görə, dünyada 439 nüvə elektrik reaktoru var və bunlar 31 ölkədə fəaliyyət göstərir. Bu enerji kifayət qədər təmiz enerji olub, radioaktiv tullantılar yaxşı idarə olunduğu halda hər hansı bir çirkləndirici maddə buraxmır. Bu, atmosferdə çirkləndirici qazların həcminin azalmasına və qlobal istiləşmənin qarşısını almağa kömək edir.
Ustad dərsinin sonunda tələbələrin çoxsaylı sualları cavablandırılıb.