“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində
Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllim və tələbə kollektivi 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro”) və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisini (“InterFood Azerbaijan”) ziyarət ediblər.
Qeyd edək ki, Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Agro” sərgisi kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, distributorlar, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla, minlərlə peşəkar ziyarətçi auditoriyasını bir yerə toplayıb.
Sərgidə iştirakçılar arasında Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və aqrar sahədə uğur qazanmış digər ölkələr də çıxış edirlər. İştirakçıların 71 %-i xarici şirkətlərin nümayəndələridir.
Sərgidə kənd təsərrüfatında tətbiq olunan innovativ texnologiyalar, kənd təsərrüfatı təyinatlı texnikalar, müasir suvarma sistemləri, elektron kənd təsərrüfatı, pilotsuz uçuş aparatları, süni intellekt, alternativ enerji mənbələri və digər smart bölmələr nümayiş olunur. Həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutlarının ən son nailiyyətləri, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və təşəbbüsü ilə keçirilmiş bir sıra startap müsabiqələrinin qaliblərinin məhsul və həlləri, yaşıl enerji mənbələrinə dair qurğu və məhsulları sərgilənir.
Sərgiyə baxış zamanı ziyarətçi müəllim və tələbələrin sualları cavablandırılıb.