Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrası 2020-ci ilədək fəaliyyət göstərmiş Torpaqşünaslıq, Yerquruluşu və Kadastr kafedralarının bazasında yaradılmışdır. Torpaqşünaslıq kafedrası 2004-cü ildə Biologiya fakültəsinin tərkibində yaradılmış və aşağıdakı elmi istiqamətlər üzrə fəaliyyət göstərmişdir:
-Azərbaycan Respublikasında torpaq örtüyünün tip, növ və növmüxtəlifliyinin təbii-coğrafi zonallıq üzrə elmi-nəzəri əsaslarının öyrənilməsi;
-Torpaq örtüyünün morfogenetik tədqiqi ilə bağlı nəticələrin ümumiləşdirilməsi;
-Torpaq ehtiyatlarının aqro-ekoloji qiymətləndirilməsi və səmərəli istifadəçiliyinin elmi-nəzəri tədqiqi.
Torpaqlardan səmərəli istifadə olunması və mühafizəsi ilə bağlı kompleks yerquruluşu işlərinin təşkili, torpaq kadastrı bazası sisteminin təşəkkülü istiqamətində elmi-nəzəri tədqiqatların öyrənilməsi, tədrisi məqsədilə müstəqil Ekologiya və torpaqşünaslıq fakültəsinin nəzdində BDU-nun Elmi Şurasının 13 iyul 2011-ci il tarixli qərarı və rektorun 08 avqust 2011-ci il tarixli əmri ilə yaradılmış “Yerquruluşu və kadastr” kafedrası ilə 03 dekabr 2021-ci il tarixli əmrlə birləşən Torpaqşünaslıq kafedrası bazalarında “Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı” kafedrası 2022-ci ildən fəaliyyət göstərir.
Kafedrada 12 əməkdaş çalışır: 1 akademik, 5 dosent, 1 baş müəllim, 3 müəllim və 2 nəfər köməkçi heyət olmaqla, 2 nəfər biologiya elmləri doktoru, professor, 6 nəfər fəlsəfə doktoru, 1 nəfər laboratoriya müdiri, 2 nəfər böyük laborant vəzifəsində çalışır.
Kafedraya AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru, professor Qərib Şamil oğlu Məmmədov rəhbərlik edir, O, torpaqşünaslıq və ekologiya sahəsində dünyada tanınmış alimdir. Eyni zamanda AMEA-nın Aqrar məsələlər üzrə müşaviridir. Torpaqşünaslıq və aqrokimya, yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisasları üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrə Azərbaycan Respublikasının torpaq örtüyünün tip və yarımtiplərinin, biomüxtəlifliyinin öyrənilməsi, genezisi, ekoloji qiymətləndirilməsi, münbitliyinin bərpası, mühafizəsi və səmərəli istifadəsi, ekoloji məsələlərin, yerquruluşu, torpaq və şəhər kadastrı ixtisasları üzrə peşəkar kadr hazırlığında tələb olunan bilik və bacarıqların (bütün növ daşınmaz əmlak növlərinin idarə edilməsi, qiymətləndirilməsi, torpaq və şəhər kadastrının əsasları, torpaqların qiymətləndirilməsi, daşınmaz əmlakla bağlı hüquqi əqdlərin yaranması və s.) təlimi ilə bağlı bilgilər tədris edilir.