ELMİ İSTİQAMƏT VƏ ELMİ-TƏDQİQAT MÖVZULARI

İstiqamət: Azərbaycan torpaqlarının qiymət göstəriciləri əsasında rayonlaşdırılması və idarə edilməsi yollarının işlənməsi

  1. Azərbaycan torpaqlarının qiymət göstəriciləri əsasında rayonlaşdırılması və idarə edilməsi yollarının işlənməsi
  2. Böyük Qafqazın torpaq örtüyünün ekoloji qiymətləndirilməsi və monitorinqi

Mövzunun rəhbəri: Akademik Məmmədov Qərib

İcraçılar: Məmmədov Qərib, dosent Rüxsarə Həsənova, dosent  Zemfira Mustafayeva,  b.e.d. Vəfa Qasımova, b.e.f.d. Günel Əhmədova, b.e.f.d. Tatyana Xolina, dos.A.B.Cəfərov, b/müəllim Q.Y.Xanbabayev, dos.L.R.Kərimova,

Məqsəd: 

1.Ölkənin ən dəyərli sərvətləri içərisində torpaq resurslarının xüsusi yeri vardır. Lakin son on illiklərdə Respublikamızda demoqrafik yüksəliş, yaşayış məskənlərinin genişlənməsi, infrasturkturların sıxlığının artması torpaq resurslarının həm mütləq, həm də nisbi ölçülərdə azalmasına gətirib çıxarmışdır. Mövcud vəziyyəti nəzərə alaraq torpaq resurlarının qoruması, münbitliyinin artırılması və onlardan səmərəli istifadənin kompleks tədbirlərinin işlənməsi aktualllıq kəsb edir.  Azərbaycanın Lənkəran vilayəti, Aran Şirvan və işgaldan azad olunmuş ərazilərin torpaq resuslarının qiymətləndirilməsi və səmərəli istifadəsi ilə bağlı tədbirlər sisteminin işlənməsi həm elmi-nəzəri, həm də praktiki əhəmiyyət kəsb edir. Bu məqsədlə torpaqların müxtəlif aspektlərdən qiymətləndirilməsi və mikrorayonlaşdırılması dəyərli vasitələrdən biridir. Bunu nəzərə alaraq qeyd olunan coğrafi ərazilər (Lənkəran vilayəti, Aran Şiravan və Azərbaycanın işğaldan azad edilmiş inzibati rayonları) daxilində tədqiqatlar aparılmış və nəticələr əldə edilmişdir. Mövzunun məqsədi Lənkəran vilayəti, Aran Şirvan və İşğaldan azad edilmiş inzibati rayonların torpaq resurslarını qiymətləndirmək və müxtəlif kateqoriyadan olan torpaqların idarəedilməsi konsepsiyasını işləməkdir.

2.Azərbaycan uzun  illərdən  bəri əkinçilik və maldarlıq ilə məşgul olan qədim kənd təsərrüfatı ölkəsidir. Deməli, insan çox qədim zamanlardan başlayaraq ətraf mühitə təsir göstərir. Uzun  əsrlər boyu davam etmiş bu təsir respublikamızın müasir  torpaq və bitki örtüyündə, bir sözlə desək landşaft komplekslərində dərin izlər buraxmışdır. İlkin təbii landşaftlar bir çox hallarda ikincili landşaftlarla əvəz olunmuş və ya da insanlar tərəfindən tamamilə dəyişdirilərək aqrolandşaftlara çevrilmişdir. Ümumiyyətlə, insanın ətraf mühitə kortəbii müdaxiləsi landşaft komplekslərinin, o cümlədən onun bir ünsürü olan torpaq örtüyünün deqradasiyasına gətirib çıxartmışdır. Bu proses hal-hazırda da davam edir. Belə ki, respublikamızda  torpaqların eroziyaya, şorlaşmaya və şorakətləşməyə məruz qalması, sənaye və məişət tullantıları ilə  çirklənməsi bu və ya digər dərəcədə özünü göstərməkdədir. Bu proseslərin yaranmasında təbii amillərlə (qlobal iqlim dəyişmələri, aridləşmə, səhralaşma və s.) yanaşı, insanın çoxillik təsərrüfat  fəaliyyəti də böyük rol oynayır. Yəni yay və qış otlaqlarının  deqradasiyası, meşələrin qırılması, eroziya proseslərinin şiddətlənməsi, eyni zamanda torpaqların sənaye və məişət tullantıları ilə çirklənməsi antropogen amillərin təsiri altında baş vermişdir. Bütün bunlar respublikamızda təbiəti mühafizə tədbirlərinin gücləndirilməsini, ayrı-ayrı landşaft komplekslərində, o cümlədən təbii biogeosenozlaraltı və kənd təsərrüfatı təyinatlı torpaqlarda  antropogen səbəblərdən baş verən dəyişikliklərin elmi təhlilini tələb edir. Tədqiqatın məqsədi Böyük Qafqazın torpaq örtüyünün müasir ekoloji vəziyyətin öyrənilməsi, torpaqların münbitlik parametrləri üzərində ekoloji monitorinqin təşkili, münbitlik göstəricilərinin müqayisəli qiymətləndirilməsi, torpaqların ekoloji baxımdan qiymətləndirilməsi, torpaq ehtiyatlarından düzgün və səmərəli istifadə etməkdir. Bununla əlaqədar respublikamızın ayrı-ayrı bölgələrində, xüsusən də Böyük Qafqazın şimal-şərq və cənub yamaclarında torpaq-landşaft tədqiqatları aparılmış və həmin tədqiqatın nəticələri aşağıdakı mərhələlər üzrə təhlil edilmişdir.

Nəticə:

  1. Lənkəran vilayətinin mürəkkəb iqlim-relyef –torpaq şəraiti nəzərə alınmaqla mikrorayonlaşdırmanın elmi əsasları araşdırılmış, Lənkəran vilayəti timsalında müxtəlif kənd təsərrüfatı bitkiləri (çay, sitrus, taxıl, üzüm, tərəvəz) altında torpaqların mikrorayonlaşdırılması və idarə edilməsinin əsasları işlənmişdir;
  2. Lənkəran vilayəti daxilində aşağıdakı aqroekoloji mikrorayonları ayrılması təklif edilmişdir: 1.Dağətəyi Şüvi-Astara aqroekoloji mikrorayonu (limon, portağal, naringi, feyxoa); 2. Ovalıq Lənkəran-Viləşçay mikrorayon (sitrus +çay+tərəz); 3. Masallı-Göytəpə (kartofçuluq+taxılçılıq+tərəvəzçilik); 4. Cəlilabad-Təzəkənd (taxılçılıq+üzümçülük+kartofçuluq); 5. Lerik-Zuvand (taxılçılıq+yemçilik)
  3. Aroekoloji mikrorayonlar üçün idarəetmə konsepsiyaları hazırlanmışdır

İsmayıllı rayonunun relyefi müxtəlif  baxarlı dağ yamacları və az mailli yamaclarının meşəaltında yayılmış dağ – meşə qonur və dağ-meşə qəhvəyi torpaqlarının, müxtəlif səbəblərdən meşə örtüyünün seyrəkləşməsi ilə zəif və orta dərəcəli eroziyaya məruz qalması, habelə münbitlik göstəricilərinin də aşağı düşməsi müəyyən olunmuşdur. Ərazidə meşə örtüyünün mühafizə və bərpasının təşkil edilməsi ilə  qalın, orta qalınlıqlı və yuxa torpaq profilinə malik, habelə mexaniki tərkibi əsasən ağır,orta və yüngül gillicəli, qismən gilli olan bu torpaqların su eroziyasından qorunmasına dair lazımi bütün mübarizə tədbirləri aparılmalıdır.

Təcrübi əhəmiyyəti:

  1. Aran Şirvan kadastr rayonu bir sıra kənd təsərrüfatı bitkilərinin yetişdirilməsindən və yüksək məhsul əldə edilməsindən ötrü çox əlverişli torpaq-iqlim şəraitinə malikdir. Burada kənd təsərrüfatına yararlı torpaqlarda intensiv şəkildə pambıq, taxıl və yem bitkiləri, bir sıra tərəvəz, bostan və meyvə bitkiləri (quru subtropik) yetişdirilir. Araşdırmalar göstərir ki, Azərbaycanda istehsal olunan kənd təsərüraftı bitkilərinin 80-90% Aran iqtisadi rayonunun, onun da 30-40%-Aran Şirvan iqtisadi rayonunun payına düşür. Bu baxımdan heyvandarlığın inkişafında, onun yem bazasının yaradılmasında böyük əhəmiyyəti olan otlaq və biçənək sahələrinin müasir vəziyyətinin öyrənilməsinin, qiymətləndiliməsi və idarəedilməsinin həm elmi-nəzəri, həm praktiki əhəmiyyəti vardır.
  2. Təbii mühit anlayışına оrqanizmin, pоpulyasiyanın, təbii qrupların yaşadığı canlı və cansız təbiətin bütün amilləri daxildir. Təbii mühit оnların vəziyyətinə və xassəsinə bilavasitə və dоlayı yоlla təsir göstərir. Həyat fəaliyyəti prоsessində оrqanizmin pоpulyasiyasına, təbii bitkilərin vəziyyətinə və xassələrinə təsir göstərən ətraf mühit kоmpоnentləri zaman keçdikcə оnların yaşayış şəraitinə təsir göstərərək bu mühitə uyğunlaşdırır.

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 1-ci mərtəbə, 2 otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 510-57-60 / (+99412) 538-62-26 / (+99412) 537-23-83 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət