Ekologiya canlı və cansız təbiət arasındakı qarşılıqlı əlaqəni öyrənən elmdir. Ekologiya həm də kimya və biologiya ilə sıx əlaqəlidir və əksər hallarda fənlərarası bir elmdir. Ekologiyanın struktur hissəsi təbiətin və bioloji müxtəlifliyin qorunması prosesidir. Müasir dünyada atmosferin və təbiətin vəziyyətini nəzərə alaraq, bu mütəxəssislərin bilik və təcrübələrinə qoyulan tələblər kimi bu peşənin də əhəmiyyəti hər il artır.
Müasir dövrdə cəmiyyətin və təbiətin qarşılıqlı əlaqələrinin inkişafında çox saylı ekoloji problemlərin həlli üçün əsas baza bütövlükdə, iqtisadiyyatın tarazlı inkişafı, onun ekolojiləşdirilməsi və səmərəli idarə olunmasıdir. Ekoloji tarazlığı, onun mürəkkəb və bir-biri ilə bağlı mexanizmlərini bilmədən, yəni ekoloji biliyə dərindən yiyələnmədən təbiətdən, onun ehtiyatlarından səmərəli istifadə etmək, təbii mühiti həyat üçün yararlı halda saxlamağı proqnozlaşdırmaq mümkün deyildir. Bu mənada bütün təhsil müəssisələrində, xüsusi ilə Bakı Dövlət Universitetində ekologiya elminin dərindən mənimsənilməsi, eləcə də iqtisadiyyatın inkişafına yardımçı olması baxımından ekologiya ixtisasının olması məqsədəuyğundur.
Respublikamızın zəngin təbiətinin və təbii resurslarının öyrənilməsində ekoloqların fəaliyyətinə çox böyük ehtiyac varır və bu növ mütəxəssislər Bakı Dövlət Universitetində hazırlanır.
İxtisas fizika, kimya, biologiya və coğrafiya ilə maraqlananlar üçün uyğundur.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
- Ətraf mühitin qorunması bölmələrində iqtisadi sektorların inkişafı üçün dövlət proqramlarının hazırlanmasında iştirak etmək, ətraf mühit qaydalarının inkişaf etdirilməsi;
- Ətraf mühitə təsirin qiymətləndirilməsində və eko-auditdə iştirak etmək;
- Material toplamaq və ətraf mühitin çirklənməsi səviyyəsi barədə laboratoriya tədqiqatları aparmaq;
- Təbii ehtiyatlardan səmərəli istifadə və texnoloji tullantıların təhlükəsiz emalı / atılması yollarının axtarışı;
- Müəssisələrin ekoloji pasportunun hazırlanmasında iştirak etmək;
- Ətraf mühitin monitorinqində iştirak etmək;
- Ekologiya sahəsində tədqiqat işlərində iştirak etmək;
- Ətraf mühitin qorunması ilə bağlı əhali arasında maarifləndirmə işini təşkil etmək;
- Beynəlxalq standartlara uyğunluğu baxımından dizayn, əvvəlcədən sənədləşdirmə işlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsində iştirak etmək;
- Tədqiqat nəticələrinin istehsalatda tətbiqinə kömək etmək;
- Ekoloji hesabatların yaradılması;
- Ekoloji hadisələrə fövqəladə cavab tədbirlərinin hazırlanması;
- Ekoloji qəzaların araşdırılması;
- Dövlət orqanlarında ətraf mühitin mühafizəsinə dair normativ aktların hazırlanması və
- təsdiqlənməsi;
- Ətraf mühitin mühafizəsinin optimal şəkildə təmin edilməsi;
- Ekoloji pozuntuların müəyyən edilməsi və onun həlli;
- Ətraf mühitin təhlükəsizliyi prosedurları haqqında heyyətin davamlı məlumatlandırılması.
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
- Analitik düşüncə bacarığı;
- Qeyri-adi vəziyyətlərdə qərar qəbul etmək bacarığı;
- Kompüter simulyasiya bacarıqlarına sahib olmaq;
- Elmi yaradıcılıq bacarığı;
- Detallara diqqət;
- Məsuliyyətlilik;
- İnkişafa meyillilik;
- Təşkilatçılıq;
- Düzgün qərarvermə;
- Prioritetləşdirmə;
- Stressə davamlılıq;
- Ehtiyatlılıq, məsuliyyətlilik, dəqiqlik;
- Tədqiqat bacarıqları;
- Optimallaşdırma bacarığı;
- Dil bilikləri.
Bu ixtisas üzrə harada çalışmaq olar?
- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi
- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi
- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi
- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
- Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyi
- Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elmi tədqiqat institutlarında
- IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi
- SOCAR (State Oil Company of Azerbaijan Republic - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti)
- BP (British Petroleum)
- Sumqayıt Texnologiyalar Parkı (STP)
- Ekomonitoring MMC
- AZERGOLD QSC
- GMR İnternational